Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb.
Bu barədə Miraz.TV-yə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Azərbaycan-ABŞ strateji tərəfdaşlığı və normallaşma prosesi
Məlumata əsasən, telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məsələlər müzakirə edilib.
Tərəflər 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş tarixi zirvə görüşündən sonra ikitərəfli münasibətlərdə strateji tərəfdaşlığın inkişafı istiqamətində əldə olunmuş mühüm irəliləyişləri qeyd ediblər.
Bu çərçivədə, Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasında müəyyən edilmiş prioritet istiqamətlər üzrə işçi qruplarının fəaliyyətinin ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Praktiki əməkdaşlıq və regional sabitlik
Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlığı çərçivəsində 2026-cı ildə əldə olunmuş mühüm nəticələr qeyd edilib. Bakı Enerji Həftəsi və II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji, karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı, investisiya, rəqəmsal texnologiyalar, ticarət və digər sahələrdə imzalanmış sənədlərin ikitərəfli əməkdaşlığın praktiki məzmununu əhəmiyyətli dərəcədə genişləndirdiyi vurğulanıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyinin irəlilədilməsi, etimad quruculuğu və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl addımlar barədə qarşı tərəfə ətraflı məlumat verib.
Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.