Tramp Administrasiyasının xarici siyasətində prioritetlərdən biri ölkəyə daha çox investisiya cəlb etməkdir.
Və etiraf etmək lazımdır ki, Ağ Ev böyük ölçüdə buna nail olub.
Məsələn, “Bloomberg”in məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın ölkə iqtisadiyyatına 200 milyard dollarlıq investisiya yatırılması təşəbbüsünü elan etməyi planlaşdırır. İnvestisiya paketinin əsas istiqamətlərindən biri Alyaskada uzun müddətdir təxirə salınan mayeləşdirilmiş təbii qaz (LNG) layihəsinə 54 milyard dollar ayrılmasıdır.
Ağ Evdə gözlənilən açıqlama ötən il imzalanmış ikitərəfli ticarət sazişi çərçivəsində investisiya öhdəliklərinin icrasına başlanmasının ilk addımı olacaq. Həmin razılaşmaya əsasən, Seul ABŞ iqtisadiyyatına ümumilikdə 350 milyard dollar investisiya yatırmağı öhdəsinə götürüb.
Alyaska LNG layihəsinə 54 milyard dollar ayrılacaq
Cənubi Koreya investisiyalarının əsas hissəsinin “Glenfarne Group” şirkətinin həyata keçirdiyi Alaska LNG layihəsinə yönəldilməsi gözlənilir. Layihə Alyaskanın Şimal yamacından ştatın cənub sahilinə qədər təxminən 1300 kilometr uzunluğunda qaz kəmərinin çəkilməsini, daha sonra isə hasil olunan qazın mayeləşdirilərək Asiya bazarlarına ixracını nəzərdə tutur.
İnvestisiyaların uzun illərdir layihənin reallaşmasını ləngidən infrastruktur və maliyyələşmə problemlərinin aradan qaldırılmasına yönəldiləcəyi bildirilir.
Seulun bu layihəyə marağı qlobal qaz bazarında dəyişən vəziyyətlə də əlaqələndirilir. Yaxın Şərqdəki münaqişələr Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi iri ixracatçılardan tədarükə risklər yaradır. Bu şəraitdə Asiya ölkələri enerji təhlükəsizliyini gücləndirmək və spot bazardan asılılığı azaltmaq üçün uzunmüddətli tədarük mənbələrinə daha çox diqqət yetirirlər.
Enerji sektorunda əməkdaşlıq və gələcək perspektivlər
Ağ Evdə elan edilməsi gözlənilən təşəbbüs ABŞ administrasiyasının xarici investisiyaların cəlb olunması istiqamətindəki fəaliyyətini nümayiş etdirmək baxımından da əhəmiyyət daşıyır. Təqdimatda Alyaskadan olan respublikaçı senator Den Sallivanın, daxili işlər naziri Duq Berqamın və ticarət naziri Hovard Latnikin iştirakı gözlənilir.
Alaska LNG layihəsi ilə yanaşı, Cənubi Koreya kapitalının ABŞ-ın energetika sektorundakı digər istiqamətlərə, o cümlədən nüvə enerjisi layihələrinə yatırılması da nəzərdə tutulur.
Bununla belə, investisiya razılaşmasının enerji bazarına real təsirinin dərhal hiss olunacağı gözlənilmir. Qaz kəmərinin tikintisi, infrastrukturun tamamlanması və kommersiya fəaliyyətinə başlanması bir neçə il tələb edə bilər.
Layihənin həyata keçirilməsi ABŞ-ın Asiya bazarlarına LNG ixracı imkanlarını genişləndirə, Cənubi Koreyanın isə uzunmüddətli enerji təchizatını şaxələndirməsinə şərait yarada bilər.