Son illərdə videooyun sənayesi dünyanın ən böyük əyləncə bazarlarından birinə çevrilib. Kompüter, konsol və mobil platformalarda istifadəçi sayının artması ilə paralel olaraq texnologiya və media nəhəngləri məşhur studiyaları, franşizaları və naşirləri portfellərinə daxil etmək üçün nəhəng sərmayələr yatırıblar. Oyun sənayesi tarixində qeydə alınmış ən böyük satınalmalar sektordakı qüvvələr balansını əhəmiyyətli dərəcədə dəyişib.
Activision Blizzard – 68,7 milyard dollar
Oyun sənayesi tarixinin ən böyük sövdələşməsi “Microsoft” tərəfindən həyata keçirilib. Şirkət “Activision Blizzard”ı 68,7 milyard dollara satın alıb və proses 2023-cü ildə rəsmi şəkildə tamamlanıb. Bu razılaşma nəticəsində “Call of Duty”, “World of Warcraft”, “Diablo”, “Overwatch” və “Candy Crush” kimi qlobal layihələr “Microsoft”un oyun bölməsinə keçib.
Zynga – 12,7 milyard dollar
“Grand Theft Auto” və “Red Dead Redemption” kimi layihələrin sahibi olan “Take-Two Interactive”, 2022-ci ildə mobil oyun istehsalçısı “Zynga”nı təxminən 12,7 milyard dollara satın alıb. “FarmVille” və “Zynga Poker” kimi oyunlarla tanınan şirkətin əldə edilməsi “Take-Two Interactive”in mobil oyun bazarındakı payını kəskin şəkildə artırıb.
Supercell – 8,6 milyard dollar
2016-cı ildə Çinin “Tencent” şirkətinin rəhbərlik etdiyi konsorsium Finlandiyanın “Supercell” şirkətinin 84,3 faizlik payını təxminən 8,6 milyard dollara əldə edərək nəzarət paketini ələ keçirib. “Supercell” xüsusilə “Clash of Clans”, “Clash Royale”, “Hay Day” və “Brawl Stars” kimi məşhur mobil oyunları ilə tanınır.
ZeniMax Media – 7,5 milyard dollar
“Microsoft”un digər strateji addımı 2021-ci ildə “ZeniMax Media”nı 7,5 milyard dollara alması olub. Sövdələşmə sayəsində “Bethesda Game Studios”, “id Software”, “Arkane Studios” və onlara məxsus “The Elder Scrolls”, “Fallout”, “DOOM” və “Dishonored” franşizaları “Microsoft” portfelinə daxil edilib.
Scopely – 4,9 milyard dollar
Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fonduna bağlı “Savvy Games Group” 2023-cü ildə mobil oyun şirkəti “Scopely”ni 4,9 milyard dollara satın alıb. Şirkət mobil və onlayn oyun seqmentində bir sıra gəlirli layihələrin istehsalı və idarə olunması ilə məşğuldur.
Moonton – təxminən 4 milyard dollar
“TikTok” platformasının sahibi olan “ByteDance” 2021-ci ildə “Moonton” studiyasını təxminən 4 milyard dollarlıq sövdələşmə ilə alıb. Şirkət xüsusilə Asiya və qlobal bazarda böyük auditoriyaya malik “Mobile Legends: Bang Bang” oyunu ilə məşhurdur.
Bungie – 3,6 milyard dollar
“Sony Interactive Entertainment” 2022-ci ildə “Bungie” studiyasını 3,6 milyard dollara alaraq öz sıralarına qatıb. “Bungie” hazırda “Destiny” seriyasının yaradıcısı kimi fəaliyyət göstərir və keçmişdə “Halo” franşizasının yaradılmasında böyük pay sahibi olub.
Mojang – 2,5 milyard dollar
“Microsoft” 2014-cü ildə İsveçin “Mojang” studiyasını 2,5 milyard dollara satın alıb. Bu addımla tarixin ən çox satılan videooyunlarından biri olan “Minecraft” korporasiyanın mülkiyyətinə keçib.
Glu Mobile – 2,1 milyard dollar
“Electronic Arts” mobil bazardakı mövqeyini gücləndirmək üçün 2021-ci ildə “Glu Mobile” şirkətini 2,1 milyard dollara satın alaraq mobil oyunlar portfelini genişləndirib.