Bu gün hər kəsi daha çox narahat edən dolların gələcək aqibətidir. Çünki hər kəs ehtiyat pulunu əsasən dollarda saxlayır.
Elə bütün dövlətlər də belədir. Tək bir faktı deyək ki, dünya üzrə mərkəzi bankların valyuta ehtiyatlarının 57,13 faizi ABŞ dollarında saxlanılır. Dolların payı ikinci sırada qərarlaşan avronun payından təxminən 3 dəfə çoxdur.
Ümumilikdə götürəndə qlobal valyuta ehtiyatlarında avronun payı 20,03 faiz, Yapon yeninin 5,44 faiz, Britaniya funt sterlinqinin 4,40 faiz, Kanada dollarının 2,48 faiz, Avstraliya dollarının 2,11 faiz təşkil edir.
Çin yuanının qlobal valyuta ehtiyatlarındakı payı 1,99 faiz, İsveçrə frankının payı isə 0,24 faizdir. Digər valyutaların ümumi payı 6,18 faiz təşkil edir.
Beləliklə, ABŞ dolları və avro birlikdə mərkəzi bankların bölüşdürülmüş valyuta ehtiyatlarının 77 faizindən çoxunu təşkil edir. Qalan valyutalar isə ehtiyatların təxminən 23 faizini bölüşür.
Məlumdur ki, son illərdə bir sıra ölkələrin dollar asılılığını azaltmaq və alternativ valyutalardan istifadəni artırmaq istiqamətində addımlar atır. Və bu təşəbbüslər dolların dəyər itirməsinə hesablanıb. Amma bu günkü reallıq onu sübut edir ki, dollar üçün yaxın 10 ildə hər hansı ciddi bir təhdid gözləmir. Çünki dolları dəyərsizləşdirmək istəyən dövlətləri belə ehtiyat vəsaitlərini dollarla saxlayırlar. Beləliklə, dollar beynəlxalq ehtiyat valyutası kimi mövqeyini qoruyur.