ABŞ süni intellekt sahəsinin inkişafını nəzarətə götürür

Tofig Agayev
Müəllif Tofiq Ağayev
2 dəqiqəlik oxuma

Süni intellekt və iqtisadi artım

Süni intellekt həyatımızın bir hissəsinə çevrilməkdədir. Hətta bəzi ölkələr rəsmi idarəçiliyi süni intellektin ixtiyarına buraxıb.

İqtisadiyyatsa süni intellektlə ikinci baharını yaşayır.

“Süni İntellekt Qüvvələri” və xüsusi “çar” təyinatı

Məhz bu səbəbdən ABŞ Prezidenti Donald Tramp ölkədə süni intellekt sahəsinin inkişafına nəzarət etmək məqsədilə “Süni İntellekt Qüvvələri” (“AI Force”) yaradacağını və süni intellekt üzrə xüsusi “çar” təyin edəcəyini açıqlayıb.

Tramp bu barədə dünən “Truth Social” hesabında paylaşım edib. O, süni intellektə və bu texnologiyanın işlənməsi üçün yaradılan məlumat mərkəzlərinə qarşı tənqidləri rədd edərək, texnologiya sektorunun inkişafının qarşısını almağa yönəlmiş çağırışları siyasi xarakterli “fırıldaq” kimi qiymətləndirib. Prezident bildirib ki, administrasiya süni intellekt sənayesinin inkişafına mane olmayacaq, eyni zamanda qanunsuz və zərərli fəaliyyətlərlə mübarizə üçün mövcud cinayət və mülki hüquq mexanizmlərindən istifadə edəcək.

İlon Maskın ÜDM proqnozu

Amerikalı iş adamı İlon Mask süni intellektin ABŞ iqtisadiyyatının artım tempini əhəmiyyətli dərəcədə sürətləndirə biləcəyini düşünür. Onun proqnozuna görə, süni intellekt gələn il ABŞ-nin ÜDM artımını təxminən iki dəfə artıraraq 2 faizdən 4 faizə yüksəldə bilər.

“X” sosial şəbəkəsində paylaşım edən Mask bildirib ki, süni intellektin iqtisadiyyata təsiri gözləniləndən daha böyük ola bilər. “Mənim ehtimalım belədir ki, Sİ gələn il ABŞ-nin ÜDM artımını təxminən iki dəfə artıracaq – təxminən 2 faizdən 4 faizə qədər. Bəlkə də daha çox”, – deyə o yazıb.

Kapital xərcləri və texnologiya yatırımları

“Reuters Breakingviews”in “Apollo Global Management”dən Torsten Sloka istinadən yaydığı məlumatda bildirilir ki, ABŞ-də süni intellektlə bağlı illik kapital xərclərinin 2027–2029-cu illərdə ÜDM-in 3 faizinə çatması mümkündür. Üç il əvvəl bu göstərici təxminən 0,6 faiz təşkil edib.

“Reuters”in istinad etdiyi “Moody’s” analitiklərinin hesablamalarına görə isə ABŞ-nin iri texnologiya şirkətləri 2027-ci ildə çiplər və məlumat mərkəzlərinə təxminən 1 trilyon dollar xərcləməyi planlaşdırırlar. Bu məbləğ Çindəki rəqib şirkətlərin gözlənilən 165 milyard dollarlıq xərclərindən dəfələrlə çoxdur.

Bu Məqaləni Paylaşın
Tofig Agayev
MüəllifTofiq Ağayev
Tofiq Ağayev 1997-ci ildən media və kino sahəsində peşəkar fəaliyyət göstərir. Buta Film, Azərbaycan Televiziyası (AzTV) və Miraz TV-də prodüser, müxbir və operator kimi çalışıb. 1997–2006-cı illərdə Buta Film-də prodüser olaraq müxtəlif kino və televiziya layihələrində iştirak edib. 2006-cı ildən etibarən AzTV-də müxbir-operator kimi fəaliyyətə başlayıb və 17 il boyunca bu kanalda çalışıb. 2023-cü ildən Miraz TV-də müxbir kimi fəaliyyətini davam etdirir.