ABŞ: Dünyanın Siyasi və İqtisadi Güc Mərkəzi

Surkhay Atakishiyev
Müəllif Surxay Atakişiyev
3 dəqiqəlik oxuma

Beynəlxalq Valyuta Fondunun (BVF) “World Economic Outlook” hesabatına nəzər yetirərkən, ABŞ-ın dünyanın həm siyasi, həm də iqtisadi güc mərkəzinə çevrildiyini açıq-aydın görmək olar. Proqnozlara əsasən, 2026-cı ildə Avropa İttifaqı (Aİ) iqtisadiyyatının həcmi 23 trilyon dollar, ABŞ iqtisadiyyatının həcmi isə 32,4 trilyon dollar təşkil edəcək.

Beləliklə, Aİ iqtisadiyyatı ABŞ iqtisadiyyatının təxminən 71 faizinə bərabər olacaq. Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə Aİ-nin ümumi daxili məhsulu 19,3 trilyon dollar təşkil edərək, ABŞ iqtisadiyyatının 14,8 trilyon dollarlıq həcmini 31 faiz üstələyirdi.

Son 20 ildə nə dəyişib?

Avropa iqtisadiyyatının geriləməsində 2008-ci ildə başlayan qlobal maliyyə böhranı mühüm rol oynayıb. Avrozonanın bir sıra ölkələri, o cümlədən Yunanıstan, İtaliya, İspaniya, Portuqaliya, İrlandiya və Kipr borc problemləri ilə üzləşib. Böhran dövründə maliyyə yardımları və sərt qənaət tədbirləri tətbiq olunsa da, sonrakı illərdə Aİ iqtisadiyyatının ümumi həcmi zəifləyib.

Bu proseslər fonunda 2015-ci ildə ABŞ iqtisadiyyatı ilk dəfə Aİ-ni dollar ifadəsində geridə qoyub. Bu dəyişiklikdə yalnız iqtisadi artım deyil, avronun ABŞ dollarına qarşı məzənnəsinin zəifləməsi də rol oynayıb.

Brexit və Pandemiyanın Təsiri

Bu prosesə təsir edən digər mühüm hadisə Böyük Britaniyanın ittifaqdan çıxması olub. 2016-cı ildə keçirilən referendumdan sonra başlayan “Brexit” prosesi 2020-ci ilin yanvarında Böyük Britaniyanın Aİ-dən rəsmi çıxması ilə başa çatıb.

Böyük Britaniya Aİ-nin ikinci ən böyük iqtisadiyyatı olduğundan, onun ittifaqı tərk etməsi Aİ-nin ümumi iqtisadi göstəricilərinə ciddi təsir göstərib. Eyni dövrdə COVID-19 pandemiyasının yaratdığı iqtisadi böhran da Aİ-nin ÜDM-inə mənfi təsir göstərib. Nəticədə 2020-ci ildə Aİ iqtisadiyyatının həcmi 15,5 trilyon dollara qədər geriləyib.

2020-ci ildə başlayan pandemiyadan sonra ABŞ və Aİ iqtisadiyyatlarının inkişaf trayektoriyası daha da fərqlənib. ABŞ iqtisadiyyatı yüksək inflyasiya və faiz dərəcələrinə baxmayaraq, pandemiyadan sonra daha sürətlə bərpa olunub. 2026-cı ildə ölkənin ÜDM-nin 32,4 trilyon dollara çatacağı gözlənilir.

Məhsuldarlıq və Gəlir Fərqi

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Aİ-də ümumi faktor məhsuldarlığı ABŞ-dan təxminən 20 faiz aşağıdır. Aİ-nin böyük inkişaf etmiş iqtisadiyyatlarında adambaşına gəlir də ABŞ orta göstəricisindən təxminən 30 faiz aşağıdır.

BVF 2026-cı ildə Avropada adambaşına gəlirin ABŞ səviyyəsinin təxminən 70 faizinə düşəcəyini və bu fərqin böyüməkdə davam etdiyini bildirib.

Avrozonanın ABŞ-la əmək məhsuldarlığı arasındakı fərq də diqqətçəkəndir. 2018-ci ildə bir saatlıq məhsuldarlıq fərqi təxminən 9 dollar olduğu halda, 2025-ci ildə bu rəqəm 21 dollara yüksəlib. ABŞ-da 2025-ci ildə real ÜDM bir iş saatına 100 dollardan bir qədər çox olub.

Bu Məqaləni Paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.