Dünya liderləri BMT-nin 81-ci sessiyası üçün Nyu-Yorka toplaşır

Miraz.TV
Müəllif Miraz.TV
2 dəqiqəlik oxuma

Bu gün Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayır. Təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında baş tutacaq tədbirdə dünyanın 200-ə yaxın ölkəsinin rəsmi nümayəndələrinin iştirakı gözlənilir. Sessiyanın yüksək səviyyəli həftəsi sentyabrın 22-dən 28-dək davam edəcək.

Artıq dünəndən etibarən dünya ölkələrinin dövlət və hökumət başçıları Nyu-Yorka gəlməyə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin bu tədbirində iştirakı gözlənilmir.

Builki sessiya “Güvəni yenidən bərpa etmək, transformasiyanı idarə etmək: hər kəs üçün nəticə verən BMT” mövzusuna həsr olunub.

BMT-nin hazırkı Baş katibi Antonio Quterreş vəzifəsinin müddəti bu ilin sonunda başa çatacağı üçün Baş Assambleyanın sessiyasını sonuncu dəfə açacaq.

81-ci sessiyaya Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman sədrlik edəcək.

Sessiyanın yüksək səviyyəli həftəsində ənənəvi qaydada ilk çıxış Braziliyaya, daha sonra isə tədbirə ev sahibliyi edən ABŞ-a məxsus olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə Baş Assambleyada 16-cı dəfə çıxış etməsi gözlənilir.

Sessiyanın əsas gündəliyində dünyanın qarşılaşdığı mühüm problemlərlə bağlı məsələlər yer alacaq. Bunlar arasında humanitar böhranlar, iqlim dəyişikliyi, süni intellekt, nüvə tərksilahı və digər qlobal məsələlər var.

Baş Assambleyanın yüksək səviyyəli həftəsi çərçivəsində dövlət və hökumət başçıları arasında müxtəlif ikitərəfli görüşlərin keçirilməsi də gözlənilir. Bu görüşlərdə beynəlxalq və regional məsələlərin müzakirə olunacağı bildirilir.

Ən əsası da Rusiya-Ukrayna müharibəsinin gələcəyi 81-ci sessiyanın əsas müzakirə mövzularından biri olacaq.

Ekspertlər hesab edirlər ki, Avropa liderlərinin Nyu-Yorka gəlişinin əsas məqsədi Donald Trampı Ukraynaya daha çox hərbi yardıma razı salmaqdır. Avropalılar hesab edirlər ki, Amerika Ukraynaya yeni raketlər versə, o zaman yanvara qədər Ukrayna müharibədə daha çox üstünlük qazana bilər.

Bu Məqaləni Paylaşın