ABŞ-də Diversity Visa (DV-2027) proqramı çərçivəsində keçirilən Green Card lotereyası üzrə qeydiyyatın başlanması ilə bağlı mühüm məhkəmə qərarı qəbul edilib. Federal hakim ABŞ Dövlət Departamentinə 2027-ci maliyyə ili üzrə proqramın qeydiyyatını oktyabrın 18-dən gec olmayaraq başlamağı və müraciət müddətini ən azı 30 gün açıq saxlamağı tapşırıb.
Məhkəmə qərarında ABŞ-nin dövlət katibi Marko Rubionun üzərinə 2027-ci maliyyə ili üzrə Müxtəlif Millətlər üçün İmmiqrant Viza Proqramına (Diversity Visa – DV) qeydiyyatı oktyabrın 18-i gecəyarısına qədər başlamaq və qeydiyyat müddətini Dövlət Departamentinin rəsmi internet səhifəsində elan etmək öhdəliyi qoyulub.
Xatırladaq ki, 2025-ci ilin dekabrında Ağ Ev Providens şəhərindəki Braun Universitetində baş verən atışma hadisəsindən sonra proqramı müvəqqəti dayandırmaq barədə qərar vermişdi. Həmin hadisəni törədən şəxsin ABŞ-yə bu viza proqramı vasitəsilə daxil olduğu bildirilirdi. Bununla yanaşı, ABŞ Dövlət Departamenti 2025-ci il dekabrın 23-dən etibarən Diversity Visa vizalarının verilməsini dayandırıb. Qərarın bütün DV müraciətçilərinə şamil edildiyi bildirilib. Müraciətlərin təqdim edilməsi və bəzi müsahibə prosedurlarının davam etdirilməsi mümkün olsa da, vizaların verilməsi prosesi dayandırılmışdı.

Diversity Visa proqramı və Azərbaycan üzrə statistika
ABŞ-də “Green Card” lotereyası kimi tanınan Diversity Visa proqramı hər il immiqrasiya səviyyəsi aşağı olan ölkələrin vətəndaşlarına məhdud sayda daimi yaşamaq hüququ verən immiqrant vizası almaq şansı yaradır. Proqram çərçivəsində seçilən şəxslər müəyyən şərtləri yerinə yetirdikdən və zəruri prosedurlardan keçdikdən sonra ABŞ-də daimi məskunlaşa bilərlər.
Sözügedən proqrama Azərbaycandan da maraq olduqca böyükdür. ABŞ Dövlət Departamentinin son illərə aid rəsmi göstəricilərinə əsasən, lotereyada Azərbaycandan seçilənlərin sayı illər üzrə belə formalaşıb:
- DV-2021: 1 439 nəfər
- DV-2022: 919 nəfər
- DV-2023: 1 260 nəfər
- DV-2024: 2 046 nəfər
- DV-2025: 1 730 nəfər
Digər ölkələr üzrə qaliblərin sayı isə aşağıdakı cədvəldə əks olunub:
|
Ölkə |
Seçilənlərin sayı |
|---|---|
| Özbəkistan | 5 564 |
| Əlcəzair | 5 526 |
| Rusiya | 5 519 |
| Sudan | 5 505 |
| Misir | 5 515 |
| İran | 5 267 |
| Türkiyə | 4 194 |
| Mərakeş | 4 237 |
| Əfqanıstan | 4 009 |
| Ukrayna | 4 002 |
| Qırğızıstan | 3 095 |
| Tacikistan | 2 982 |
| Ermənistan | 2 971 |
| Türkmənistan | 2 010 |
| Qazaxıstan | 2 004 |
| Azərbaycan | 1 730 |
| Albaniya | 1 598 |
| Belarus | 1 577 |
| Moldova | 1 413 |
| Gürcüstan | 1 342 |
| Polşa | 309 |
| İtaliya | 263 |
| İspaniya | 142 |
| Fransa | 275 |
| Almaniya | 479 |
“Green Card” müraciəti rəsmən nə zaman başlayır?
ABŞ Dövlət Departamenti oktyabrın 29-dək qeydiyyat müddəti, rəsmi internet saytı və iştirak şərtləri barədə öz rəsmi səhifəsində bildiriş yayımlayacaq. Daha sonra noyabrın 1-də müraciətlərin qəbulu başlayacaq və bu proses ən azı 30 gün davam edəcək.

Məhkəmə qərarına əsasən müəyyən edilmiş ilkin təqvimə görə, dekabrın 3-də seçilən şəxslərə nəticələrlə bağlı bildiriş göndəriləcək. Hökumət məhkəmə qərarından şikayət verərsə, müraciət müddəti uzana bilər. Dəqiq qrafik ABŞ Dövlət Departamentinin rəsmi açıqlaması ilə tam aydınlaşacaq.
“Green Card”a necə və haradan müraciət etmək olar?
Müraciətlər yalnız internet vasitəsilə, proqramın yeganə rəsmi portalı olan dvprogram.state.gov ünvanından elektron ərizə doldurulmaqla qəbul edilir. Kağız üzərində göndərilən formalar, natamam ərizələr və elan olunan qeydiyyat müddəti başa çatdıqdan sonra edilən müraciətlər sistem tərəfindən qətiyyən qəbul edilmir.
Ərizə tamamlanıb təsdiqləndikdən sonra ekranda iştirakçının adına uyğun unikal təsdiq nömrəsi (confirmation number) əks olunur. Bu nömrəni mütləq qoruyub saxlamaq lazımdır, çünki nəticələri yalnız həmin kod vasitəsilə yoxlamaq mümkündür.
Müraciət ödənişlidirmi?
Əvvəlki illərdə lotereyada iştirak üçün elektron formanın doldurulması tamamilə ödənişsiz olub. Ödəniş rüsumu yalnız seçim mərhələsindən sonra müsahibəyə çağırılan qaliblərdən konsulluq viza müraciəti zamanı alınıb. DV-2027 proqramı üzrə ödəniş qaydaları ilə bağlı dəqiq məlumat ABŞ Dövlət Departamentinin oktyabrın 29-da açıqlayacağı təlimatda yer alacaq. Bəzi iddialara görə, bu il qeydiyyat zamanı 1 dollar məbləğində simvolik vəsait tələb oluna bilər.
Ekspert xəbərdarlığı: Vasitəçilərdən və saxta elanlardan qorunun
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərin Maarifləndirilməsi və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev Miraz.TV-yə bildirib ki, bu il gözlənilən yeniliklər müraciətçilərin xüsusi diqqət yetirməli olduğu məqamlardandır:
“Müraciət etməyi planlaşdıran şəxslərə tövsiyəm odur ki, yalnız ABŞ-nin rəsmi dövlət mənbələrində yayımlanan məlumatlara istinad etsinlər və yenilikləri diqqətlə izləsinlər. Qeyd etmək lazımdır ki, ‘Green Card’ lotereyasında iştirak ABŞ-də daimi yaşamaq imkanı əldə etmək üçündür, lakin qalib olmaq avtomatik olaraq viza almaq demək deyil. Müraciət zamanı şəxsi məlumatların düzgün təqdim edilməsi, sənədlərin tələblərə uyğun hazırlanması və sonrakı mərhələlərin vaxtında yerinə yetirilməsi mühüm əhəmiyyət daşıyır”.

Ekspert vətəndaşların fırıldaqçıların toruna düşməməsi üçün əlavə xəbərdarlıq edib:
“Vətəndaşlar ödənişli vasitəçilərin və saxta elanların qurbanına çevrilməməli, qeydiyyatla bağlı şərtləri əvvəlcədən dəqiqləşdirməlidirlər. Hesab edirəm ki, bu proqramda iştirak etmək istəyənlər üçün ən vacib məqam rəsmi məlumatlara əsaslanmaq, dəyişiklikləri düzgün anlamaq və tələsik qərarlardan çəkinməkdir. Rəsmi məlumatları ABŞ Dövlət Departamentinin rəsmi ‘Green Card’ səhifəsindən əldə etmək daha məqsədəuyğundur”.
Lotereyada iştirak üçün əsas şərtlər
DV lotereyasına müraciət etmək istəyən namizədlər iki başlıca meyara cavab verməlidirlər. Birincisi, namizəd proqramda iştirak hüququ tanınan ölkədə anadan olmalıdır. İkincisi isə təhsil və ya peşə təcrübəsi tələbini ödəməlidir.
Namizədlər təhsil və təcrübə üzrə aşağıdakı bəndlərdən ən azı birinə uyğun gəlməlidirlər:
- Ən azı orta məktəbi və ya ona bərabər tutulan təhsil müəssisəsini bitirmək;
- Son 5 il ərzində ən azı iki illik xüsusi təhsil və ya təcrübə tələb edən peşədə minimum 2 il işləmiş olmaq.
Qalib gələn şəxslər viza verilməsindən əvvəl hərtərəfli təhlükəsizlik yoxlamasından da keçməlidirlər.

Azərbaycan vətəndaşları və ölkə məhdudiyyətləri
İştirak qaydalarına cavab verən Azərbaycan vətəndaşları proqramda sərbəst iştirak edə bilərlər. Qaydalara əsasən, son 5 ildə ABŞ-yə 50 mindən çox immiqrant göndərmiş ölkələrin vətəndaşları Diversity Visa proqramından kənarda qalırlar.
Məsələn, DV-2026 mövsümündə Hindistan, Çin, Braziliya, Meksika, Pakistan və Nigeriya kimi ölkələr siyahıya daxil edilməmişdi. DV-2027 proqramı üçün uyğun ölkələrin yenilənmiş yekun siyahısı oktyabrın 29-da ABŞ Dövlət Departamenti tərəfindən rəsmən açıqlanacaq.
Fotoşəkil tələbləri və tək müraciət qaydası
Fotoşəkillərin texniki parametrlərə uyğun gəlməməsi müraciətin rədd edilməsinin ən geniş yayılmış səbəbidir. DV qaydalarına əsasən, fotoşəkil:
- 600 × 600 piksel ölçüsündə olmalıdır;
- Son 6 ay ərzində çəkilməlidir;
- Eynəksiz olmalıdır;
- Üzərində heç bir rəqəmsal dəyişiklik və ya redaktə aparılmamalıdır;
- Ərizə formasına həyat yoldaşı və subay uşaqlar üçün də eyni qaydalara uyğun fərdi fotoşəkillər əlavə edilməlidir.
Ən sərt qayda isə tək müraciətlə bağlıdır: hər şəxs bir qeydiyyat dövründə yalnız bir dəfə müraciət göndərə bilər. Sistemdə eyni şəxs adına birdən çox ərizə qeydə alındıqda, onların hamısı dərhal diskvalifikasiya edilir.
Nəticələr nə vaxt və necə yoxlanılır?
Məhkəmə tərəfindən təsdiqlənən cədvələ əsasən, seçilmiş şəxslərə 3 dekabr 2026-cı ildə bildiriş veriləcək. Nəticələr dvprogram.state.gov saytındakı “Entrant Status Check” bölməsindən şəxsi təsdiq nömrəsi, soyad və doğum ili daxil edilərək yoxlanılır. ABŞ Dövlət Departamenti qaliblərə heç vaxt elektron poçt və ya adi məktub vasitəsilə bildiriş göndərmir.

Lotereyada seçilmə ehtimalı nə qədərdir?
Lotereyada qalib gəlmək ehtimalı yüksək rəqabət səbəbindən aşağıdır. Məsələn, DV-2026 proqramı üzrə qlobal miqyasda 20 milyon 822 min 624 etibarlı ərizə qeydə alınmışdı. Ailə üzvləri də daxil olmaqla, bu müraciətlərdən cəmi 129 min 516 nəfər seçim mərhələsini keçib.
Hər il qanunvericiliklə təsis edilmiş immiqrant viza kvotası cəmi 55 minlə məhdudlaşır. Bu səbəbdən ilkin mərhələdə seçilmək qəti şəkildə viza təminatı anlamına gəlmir.
Seçilən qaliblərin növbəti addımları
Lotereyada seçilən namizədlər gecikmədən DS-260 elektron immiqrant viza ərizəsini təqdim etməli, mülki sənədlər paketini hazırlamalı, təsdiqlənmiş tibbi müayinədən keçməli və konsulluq müsahibəsində iştirak etməlidirlər.
ABŞ-də artıq qanuni statusda yaşayan şəxslər isə müvafiq qaydalar çərçivəsində ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə (USCIS) statusun dəyişdirilməsi üçün müraciət edə bilərlər. Bütün inzibati prosedurlar ayrılmış viza kvotası bitənədək və ən geci 30 sentyabr 2027-ci il tarixinədək yekunlaşdırılmalıdır.