ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasındakı fikir ayrılıqlarına baxmayaraq, Vaşinqton Avropa müttəfiqləri ilə birgə həm Kiyev, həm də Moskva üçün maliyyə imtiyazları və təhlükəsizlik mexanizmləri nəzərdə tutan birgə sülh planı üzərində işləyir.
Miraz.TV xəbər verir ki, “The Washington Post” qəzetinin köşə yazarı Devid İqnatius (David Ignatius) diplomatik mənbələrə istinadən Mayamidə müzakirə edilən layihənin detallarını paylaşıb. Məlumata görə, ABŞ rəsmiləri müharibəni dayandırmaq və tərəfləri ərazi güzəştlərinə sövq etmək məqsədilə dörd əsas komponentdən ibarət geniş paket təklif edirlər.
Sülh paketinin 4 əsas komponenti
1. Ukraynanın bərpası və maliyyə fondu
Dünya Bankı və “BlackRock” investisiya şirkətinin iştirakı ilə xüsusi bərpa fondu təsis ediləcək. Fond dağıdılmış ərazilərin infrastrukturunun bərpası, həlak olanların ailələrinə kompensasiyaların ödənilməsi və Ukrayna iqtisadiyyatının yenidən dirçəldilməsi üçün resurslar ayıracaq.
2. Təhlükəsizlik zəmanətləri
Ukraynaya qarşı yeni Rusiya hücumu təhlükəsinin qarşısını almaq üçün ABŞ və Avropa NATO-nun 5-ci maddəsinə bərabər hərbi yardım zəmanəti təqdim edəcək. Eyni zamanda, Avropanın təhlükəsizlik narahatlıqlarını aradan qaldıran və Moskvanın da maraqlarını nəzərə alan qarşılıqlı təhlükəsizlik sazişləri müzakirə olunacaq.
3. Energetika və iqtisadi inteqrasiya
Layihəyə əsasən, Rusiya neft və qazının Ukrayna ərazisi vasitəsilə Avropaya tranzitini bərpa edən enerji müqaviləsi imzalanacaq və əldə olunan mənfəət Kiyevlə Moskva arasında bölünəcək. Bununla yanaşı, Rusiyaya qarşı tətbiq olunmuş beynəlxalq sanksiyaların mərhələli şəkildə ləğvi üçün aydın cədvəl tərtib ediləcək.
4. Cəbhə boyu atəşkəs və münaqişənin dondurulması
Təklifin ən həssas tərəfi cəbhə xətti boyunca hərbi toqquşmaların dərhal dayandırılması və mövcud təmas xəttinin faktiki dondurulması olacaq.
Diplomatik təmaslar davam edir
Avropa İttifaqı rəsmiləri Donald Trampın Rusiya ilə dizel razılaşmasından narazı olsalar da, Cared Kuşner (Jared Kushner) və Stiven Uitkoffun (Steven Witkoff) rəhbərlik etdiyi danışıqlar prosesini davam etdirmək niyyətindədirlər.