Dünyanın trilyarder şirkəti: “Brookfield Asset Management”
ABŞ təkcə milyarderlər ölkəsi deyil, həm də trilyarder şirkətlər vətənidir. Bu dəfə sözügedən trilyarder qurumlardan biri — aktivlərinin həcmi düz 1 trilyon ABŞ dollarından çox olan dünyaca məşhur “Brookfield Asset Management” haqqında məlumat verəcəyik.
Şirkət 50-dən çox ölkədə fəaliyyət göstərir, 2 000-dən artıq qlobal investisiya yatırıb. Fəaliyyət istiqamətləri infrastruktur (dünyanın ən iri infrastruktur investorlarından biri), enerji (dünyanın ən iri təmiz enerji portfellərindən birinin sahibi, operatoru və inkişaf etdiricisi), daşınmaz əmlak, özəl kapital və kredit sahələridir.
Şirkətin qlobal miqyası və infrastrukturu
Şirkətin infrastruktur platforması 308 mindən çox telekommunikasiya obyektini, 77 min kilometr fiber-optik şəbəkəni, 150 data mərkəzini, 36 min 300 kilometrlik dəmir yolu şəbəkəsini və 3200 kilometr ödənişli avtomobil yolunu əhatə edir. Onun kommunal infrastruktur biznesləri dünyada 10 milyondan çox istehlakçıya xidmət göstərir.
Şirkət suveren fondlar, pensiya fondları, sığorta şirkətləri, endaument fondları və ailə ofisləri ilə tərəfdaşlıq edir.
Şirkətin qiymətləndirməsinə görə, ümumi daxili məhsulu 2 trilyon ABŞ dolları olan Körfəz Əməkdaşlıq Şurası dünyanın ən iri iqtisadiyyatlarından biridir. Rəqəmsallaşma, dekarbonizasiya və qloballaşmanın yenidən formalaşması kimi qlobal meyillər regionda maliyyə infrastrukturu, biznes və istehlak xidmətləri, sənaye və səhiyyə sahələrində yeni imkanlar yaradır.
“Brookfield Asset Management” şirkəti 2025-ci ildə PEI Group tərəfindən “İlin firması: Qlobal”, “İlin fond meneceri: Qlobal” və “İlin enerji keçidi investoru: Qlobal” daxil olmaqla bir sıra mükafatlara layiq görülüb.
Azərbaycanla əlaqələr və strateji əməkdaşlıq
Şirkətin Azərbaycanla sıx əlaqələri mövcuddur. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də “Brookfield Asset Management”in baş icraçı direktoru Konnor Teskini qəbul edib.
Söhbət zamanı dövlətimizin başçısının bu ilin yanvarında Davosda Konnor Teski ilə görüşü məmnunluqla xatırlanıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Brookfield Asset Management” arasında imzalanmış uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyəti qeyd edilib.
Şirkətin tarixi və idarəetmə fəlsəfəsi
Qeyd edək ki, “Brookfield” uzunmüddətli sahib kimi dünya üzrə institusional və fərdi investorlarla birlikdə investisiya edən qlobal investisiya şirkətidir.
Şirkətin kökləri 1899-cu ildə Braziliyanın San-Paulu şəhərində təsis edilmiş özəl kommunal şirkətə gedib çıxır və 125 ildən artıq tarixə malikdir. Şirkət sahib-operator yanaşmasını tətbiq edir: uzunmüddətli kapitalı praktiki əməliyyat təcrübəsi ilə birləşdirərək aktivlərin və bizneslərin dəyərini artırır.