Amerika Birləşmiş Ştatlarına məxsus döyüş təyyarəsi bazar ertəsi Hörmüz boğazındakı Qeşm adasında yerləşən İranın zenit-raket batareyasına zərbə endirərək onu məhv edib.
Amerika rəsmiləri bildiriblər ki, İnqilab Keşikçilərinin bölmələri ABŞ təyyarəsi istiqamətində raket atdıqdan sonra hərbçilər müdafiə məqsədilə bu əməliyyatı həyata keçiriblər. Rəsmilər bunu Tehranla genişmiqyaslı münaqişəyə qayıdış deyil, məhdud cavab kimi qiymətləndiriblər.
Bu əməliyyat Tehranı boğazdan keçən ticarət gəmilərinin hərəkətini pozmaqdan çəkindirmək məqsədi daşıyan və bir neçə həftədir diqqət çəkmədən aparılan ABŞ-ın dəqiq zərbələr kampaniyasının tərkib hissəsidir. Bazar ertəsi axşam saatlarında adanın müxtəlif yerlərində və yaxınlıqdakı sahil şəhəri Bəndər Lengedə ardıcıl partlayış səsləri eşidilib.
Müdafiə Nazirliyi sualları ABŞ Mərkəzi Komandanlığına yönləndirib, komandanlıq isə şərh verməyib. İranın şəxsi heyəti arasında itki olub-olmadığı hələ məlum deyil.
Diplomatik yol davam edir
Prezident Donald Tramp bazar ertəsi bildirib ki, Vaşinqton hazırda İranla müharibə aparmır. Aralıq seçkilərdən sonra zərbələr endirmək niyyətində olub-olmadığı soruşulduqda isə o, “Xeyr” cavabını verib. Tramp deyib: “Biz İranla müharibə apardıq. Biz qalib gəldik. Buna ümumiyyətlə müharibə demək olarmı, bilmirəm, çünki aylardır heç bir döyüş əməliyyatı aparmırıq”.
Vitse-prezident Cey Di Vens ABŞ və İran danışıqlarını aparan nümayəndələr arasında səmərəli müzakirələrin keçirildiyini bildirib. O, İranın dağıdılmış nüvə obyektlərini yenidən qurmasının qarşısını alacaq diplomatik sazişə ümid etdiyini söyləyib.