Dünyaca məşhur “Lancet” tibb jurnalında dərc olunan genişmiqyaslı tədqiqat xəbərdarlıq edir ki, nüvə silahından istifadə və süni intellektin cinayətkar məqsədlərlə tətbiqi kimi qlobal risklər 2100-cü ilə qədər bəşəriyyətin tamamilə məhvinə gətirib çıxara bilər. Alimlər Yer kürəsi əhalisi üçün 300-dən çox potensial təhlükə müəyyən edərək onları dörd əsas kateqoriyaya bölüblər.
Bəşəriyyəti gözləyən ən böyük ekzistensial təhlükələr
Tədqiqatçıların təhlil etdiyi ilk iki kateqoriyaya daxil olan 17 ekzistensial risk insan növünün yer üzündən tamamilə silinməsinə gətirib çıxara bilər. Risk piramidasının ən yüksək pilləsində nüvə qışı nəticəsində kütləvi aclığa yol açacaq nüvə münaqişəsi və süni intellektin bədxah məqsədlərlə, o cümlədən bioloji silahların hazırlanmasında tətbiqi qərarlaşıb.
1 milyarddan çox insanın həyatını təhdid edən amillər
İkinci kateqoriyaya bəşəriyyətin tam məhvinə səbəb olmasa da, 2100-cü ilə qədər ümumilikdə 1 milyarddan çox sağlam insan həyatının itirilməsinə gətirib çıxaracaq təhdidlər daxil edilib. Bu siyahıya havanın çirklənməsi, antimikrob dərmanlara qarşı davamlılıq, uşaqların yetərsiz qidalanması, iqlim dəyişikliyi, səhiyyəyə göstərilən beynəlxalq yardımın dayandırılması, ənənəvi hərbi münaqişələr, yüksək spirtli içki istehlakı və yüksək qan təzyiqi daxildir.
Həmçinin gəlir bərabərsizliyi, aşağı təhsil səviyyəsi, təbii mənşəli pandemiyalar, piylənmə, psixi sağlamlıq pozuntuları, tütün çəkmə və qeyri-sağlam qocalma kimi amillər də qlobal təhlükələr sırasında yer alır.
Qlobal səhiyyə sistemləri üçün təklif olunan həll yolları
Hesabat müəllifləri dünya ölkələrini müxtəlif təhlükələri qabaqcadan müəyyən edən, qarşısını alan və operativ reaksiya verən səhiyyə sistemləri qurmağa və davamlı maliyyələşdirməyə çağırırlar. Bunun üçün dövlət strukturlarında xüsusi bölmələrin yaradılması, təhlükələrə hazırlıq tədbirlərinin büdcə planlamasına daxil edilməsi və xüsusilə həssas əhali qruplarına diqqət yetirilməklə monitorinq sistemlərinin gücləndirilməsi zəruri hesab olunur.