Missuri ştatının hakimi cümə günü, 20 noyabrda Bayerin 7,25 milyard dollarlıq barışıq sazişini yekun olaraq təsdiqlədi. Saziş alaq otlarına qarşı istifadə olunan Raundapın xərçəngə səbəb olduğunu iddia edən məhkəmə işlərinin həllini nəzərdə tutur.
Sent-Luisdə işə baxan hakim Timoti Boyer sazişin «ədalətli, ağlabatan və yetərli» olduğuna qərar verdi. O, ayrı-ayrı iddiaçıların əvvəlki sazişlərlə iddialarını həll edənlərdən daha az məbləğ alacağına dair etirazları rədd etdi. Hakim bildirdi ki, işin həllinin gecikməsi sağalmaz xəstələr də daxil olmaqla iddiaçıların illərlə ödəniş gözləməsinə səbəb ola bilər.
Amerika Birləşmiş Ştatları üzrə Bayerə qarşı ştat və federal məhkəmələrdə təxminən 65 min iddia qaldırılmışdı. İddiaçılar evdə və ya işdə Raundapa məruz qalmanın onlarda xərçəngə səbəb olduğunu bildirirdilər. Fevralda elan olunan saziş Amerika Birləşmiş Ştatlarında Raundapla bağlı mövcud və gələcək iddiaların demək olar ki, hamısını həll etməyi qarşısına məqsəd qoymuşdu. Bayer isə Raundapın və qlifosatın xərçəngə səbəb olmadığını və bunu onilliklər boyu aparılmış tədqiqatların təsdiqlədiyini bildirir.
Sazişə daxil edilməyən federal iddialar
Bəzi federal məhkəmə işləri sazişə daxil edilməyib. Bayerin bildirdiyinə görə, həmin işlərdən təxminən 200-nə hələ də məhkəmələrdə baxılır.
Bayerin baş icraçı direktoru Bil Anderson qərarı alqışlayaraq onu «şirkətin Raundapla bağlı həm davam edən, həm də gələcək məhkəmə işlərinin risklərini azaltmaq strategiyasında həlledici mərhələ» adlandırıb.