Azərbaycanda 20 oktyabr Zəngilan Şəhəri Günü kimi təntənə ilə qeyd olunur. 2020-ci il oktyabrın 20-də, 44 günlük Vətən müharibəsinin 24-cü günündə Zəngilan şəhəri və ətraf kəndlər Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib.
Zəngilanın azad edilməsi və tarixi müraciət
Zəngilan şəhərinin və ətraf kəndlərin azad olunması müjdəsini xalqa Prezident İlham Əliyev çatdırıb. Dövlət başçısı müraciətində bildirib: “Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”
Dövlət başçısı xalqa müraciətində ordunun qətiyyətini vurğulayaraq bildirib: “Əziz xalqım, əziz zəngilanlılar, füzulililər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!”.
Həmin il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilanda Azərbaycan Bayrağını ucaldıb. Dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi təsis edilib. Həmçinin “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub və rayonun qurtarılması uğrunda döyüşlərdə şəxsi igidlik göstərmiş hərbi qulluqçular bu medalla təltif ediliblər.
“Üç nöqtə” əməliyyatı və strateji əhəmiyyət
Vətən müharibəsində Zəngilanın işğaldan qurtarılması məqsədilə uğurlu “Üç nöqtə” əməliyyatı icra olunub. Döyüşdən bir gün əvvəl havadan kəşfiyyat aparılaraq düşmənin yerləşməsi, canlı qüvvəsi, texnikası və atəş nöqtələri komanda məntəqəsində təhlil edilib. Növbəti gecə saatlarında çevik qrupların sızma əməliyyatı düşmənə sarsıdıcı zərbə vurub və qarşı tərəf qaçmağa məcbur olub. Pilotsuz uçuş aparatları vasitəsilə düşmənin dərinliklərdəki artilleriya qurğuları və yaxınlaşan texnikası məhv edilib.
1993-cü il oktyabrın 29-da işğal edilən və 27 il ərzində dağıntılara məruz qalaraq təbii sərvətləri talanan Zəngilanın azad olunması Şərqi Zəngəzur bölgəsinə nəzarət imkanları açıb. Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi tam bərpa olunub, Ermənistana aparılan hərbi yüklərin qarşısı alınıb. Bartaz, Sığırt, Şükürataz və daha beş yüksəkliyin nəzarətə götürülməsi isə orduya mühüm strateji üstünlük təmin edib.
Böyük Qayıdış və Zəngilanda sürətli bərpa işləri
Müharibə başa çatdıqdan dərhal sonra Şərqi Zəngəzurun füsunkar guşələrindən olan Zəngilanda genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyev ötən müddətdə dəfələrlə rayona səfər edərək infrastruktur layihələrinin təməlqoyma və açılışlarında iştirak edib.
Bu çərçivədə istifadəyə verilən Zəngilan Beynəlxalq Hava Limanı bölgənin əsas nəqliyyat qovşaqlarından birinə çevrilib. 2021-ci il oktyabrın 26-da təməli qoyulmuş Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun inşası Zəngəzur dəhlizinin vacib tərkib hissəsi kimi davam etdirilir.
Rayonun Ağalı kəndində ilk “Ağıllı kənd” layihəsi həyata keçirilib, burada Dövlət Xidmətləri Mərkəzi və “Smart DOST” məntəqəsi qurulub. 2022-ci il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsi ilə Böyük Qayıdış prosesinə start verilib. Hazırda rayonda müasir yaşayış kompleksləri, Zəngilan Konqres Mərkəzi Kompleksi, şəhər məscidi və su elektrik stansiyaları fəaliyyət göstərir. Dövlət Məşğulluq Agentliyi tərəfindən köçürülmüş sakinlərdən 800-dən çox şəxs fəal məşğulluq tədbirlərinə cəlb olunub.