Dünya

Ukrayna və Rusiyada xəbərdarlıq tətbiqləri sındırıldı

Mobil xəbərdarlıq platformalarında saxta radiasiya və nüvə bildirişləri yayıldı. Rəsmilər müdafiə əməliyyatlarının və şəhər sirenlərinin işlədiyini təsdiqlədi.

aljazeera.com

Ukraynada mülki əhali üçün mobil xəbərdarlıq şəbəkələri bazar günü axşam Kiyevdə və digər bölgələrdə radiasiya təhlükəsi, kimyəvi çirklənmə və yaxınlaşan hipersəs zərbələri barədə saxta fövqəladə bildirişlər yayıb. Hadisədən dərhal sonra müdafiə qurumları ictimaiyyətə açıqlama verib.

Hadisə ilə bağlı məlumatlara görə, bazar günü Kiyev vaxtı ilə saat 22:47-dən 22:54-dək ölkə üzrə kanallarda icazəsiz olaraq ümumilikdə 122 bildiriş yayımlanıb. Saat 23:02-də Ukrayna Hərbi Hava Qüvvələri tətbiqin sındırıldığını açıqlayaraq bildirib: “Hava həyəcanı tətbiqi, görünür, düşmən müdaxiləsinə məruz qalıb. Radiasiya təhlükəsi yoxdur! Sakit olun və kanalımızdakı yenilikləri izləyin!”

Ukrayna rəsmiləri hadisənin yalnız əhalinin xəbərdar edilməsi üçün proqram təminatına təsir göstərdiyini və hava hücumundan müdafiə əməliyyatlarına xələl gətirmədiyini vurğulayıblar. Rəqəmsal Transformasiya Nazirliyi bildirib ki, sındırılmış tətbiq müvəqqəti dayandırılsa da, şəhər sirenləri və alternativ xəbərdarlıq şəbəkələri işlək qalıb. Ukraynanın Strateji Kommunikasiyalar Mərkəzi icazəsiz mesajlarda rus dilində mətn olduğunu qeyd edərək müdaxiləni Rusiya agentlərinin həyata keçirdiyini bildirib.

Bir neçə saat sonra Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi özünün ictimai xəbərdarlıq proqramına da müdaxilə edildiyini açıqlayıb: “Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mobil tətbiqi kütləvi kiberhücuma məruz qalıb. Bu, hücum edənlərə əhaliyə yalan məlumat göndərməyə imkan verib”.

Rusiyanın fövqəladə hallar üzrə qurumları sirenlərin, televiziya və radio yayımlarının, eləcə də mətn bildirişlərinin normal işlədiyini bildirib və tətbiqin ikinci dərəcəli xəbərdarlıq kanalı olduğunu qeyd edib. Məlumata görə, Rusiyada telefonlara göndərilən icazəsiz mesajlarda dronlardan nüvə zərbələrinin endiriləcəyi iddia olunub və sakinlərə üç həftəlik ehtiyat toplamaq tövsiyə edilib.

Ukrayna parlamentinin xarici işlər komitəsinin sədri Oleksandr Merejko Rusiya platformasına sonradan edilən hücum barədə deyib: “Belə hallarda biz nə təsdiq, nə də təkzib edirik”.

Bu məqaləni paylaşın
Turan Adalat Novruzova 2010-cu ildən media sahəsində peşəkar fəaliyyət göstərir. Bu illər ərzində AzTV, ARB TV, ANS və Baku TV-də müxbir, redaktor və aparıcı kimi çalışıb. Onun peşəkar fəaliyyət sahələrinə gündəm, cəmiyyət, siyasət və sosial məsələlər daxildir. O, müxtəlif mövzularda reportajlar hazırlayıb, həmçinin Axar.az xəbər saytı üçün xəbər mətnlərini səsləndirib. Hazırda ATV-də səhər xəbər proqramının aparıcısıdır. Bununla yanaşı, nitq və diksiya mütəxəssisi kimi təlimlər keçir.