Dünya

Polşa hava məkanına daxil olan Rusiya dronuna atəş açmayıb

Polşa hərbçiləri dronu radarla izlədiklərini, mülki şəxslər üçün risk və mümkün ziyan səbəbindən atəş açmadıqlarını bildiriblər.

abcnews.com

Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı bildirib ki, Rusiya Ukraynanın qərbinə hücum etdiyi vaxt, bazar ertəsi gecə saatlarında Rusiya dronu qısa müddətə ölkənin hava məkanına daxil olub.

Komandanlığın məlumatına görə, hava hücumundan müdafiə qüvvələri səfərbər edilib və dronun vurulmasına icazə verilib. Dron bütün uçuşu boyunca radarla izlənilib. Komandanlıq bildirib ki, dron şərqə istiqamətini dəyişdikdən sonra atəş açılmayıb, çünki onun vurulması mülki şəxsləri təhlükəyə ata və ziyana səbəb ola bilərdi.

Sərhədin o tayında Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın gecə ərzində 96 dron buraxdığını, onların 64-nün reaktiv mühərrikli model olduğunu bildirib. Ukraynanın hava hücumundan müdafiə bölmələri bu dronlardan 73-nü vurub və ya zərərsizləşdirib. 13 yerdə isə zərbələrin qeydə alındığı bildirilib.

Moskva 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğala başladıqdan sonra Rusiya dronları və raketləri Polşanın hava məkanını dəfələrlə pozub. Rusiya rəsmiləri ölkələrinin bu cür pozuntulara görə məsuliyyət daşımadığını bildiriblər.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış çərşənbə axşamı bildirib ki, rəsmilər hava məkanının təhlükəsizliyi, NATO-nun erkən xəbərdarlıq təyyarələri və Polşada Amerika Birləşmiş Ştatlarının daimi hərbi bazası ilə bağlı görüş keçirməlidirlər.

Bu məqaləni paylaşın
Turan Adalat Novruzova 2010-cu ildən media sahəsində peşəkar fəaliyyət göstərir. Bu illər ərzində AzTV, ARB TV, ANS və Baku TV-də müxbir, redaktor və aparıcı kimi çalışıb. Onun peşəkar fəaliyyət sahələrinə gündəm, cəmiyyət, siyasət və sosial məsələlər daxildir. O, müxtəlif mövzularda reportajlar hazırlayıb, həmçinin Axar.az xəbər saytı üçün xəbər mətnlərini səsləndirib. Hazırda ATV-də səhər xəbər proqramının aparıcısıdır. Bununla yanaşı, nitq və diksiya mütəxəssisi kimi təlimlər keçir.