IV Şuşa Qlobal Media Forumu və beynəlxalq diqqət
Xəbər verildiyi kimi, 13-14 iyul tarixlərində Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu keçirilib. Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu və 10 beynəlxalq təşkilat iştirak edib. Ümumilikdə, son dörd il ərzində Forum 81 ölkədən 600-ə yaxın media nümayəndəsini bir araya gətirib.
ABŞ-Azərbaycan münasibətləri forumun diqqət mərkəzində
Forumda ən çox maraq doğuran mövzulardan biri, şübhəsiz ki, ABŞ-Azərbaycan münasibətləri olub. Regionun aparıcı aktoru olan Azərbaycanın rəsmi Vaşinqtonla əlaqələri bir çox məsələlərə işıq salır. Bu səbəbdən, Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan ilk suallardan biri ikitərəfli münasibətlərin real vəziyyəti ilə bağlı olub.
Azərbaycan Prezidenti cavabında bildirib ki, Tramp Administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:
“Ötən ilin avqust ayında Vaşinqtonda Prezident Trampla tarixi görüşüm və sonradan bu ilin yanvarında Davosdakı görüşümüz, Prezident Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, Vitse-prezident Cey Di Vensin səfəri, Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı Vitse-prezidentlə Bakıda imzalamağımız və digər meyarlar göstərir ki, hazırda münasibətlər heç zaman görmədiyimiz zirvə səviyyəsindədir. Bu gün biz strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işləyirik”.
Tarixi kontekst: 907-ci düzəliş və soyuqluq dövrü
ABŞ-Azərbaycan münasibətləri rəsmi Bakı üçün hər zaman prioritet olub. Lakin bəzi dövrlərdə münasibətlər arzulanan səviyyədə olmayıb. Soyuqluğun əsas səbəblərindən biri 1992-ci ildə ABŞ Konqresində Azərbaycana qarşı qəbul edilən ədalətsiz 907-ci düzəlişdir. Sovet İttifaqının süqutundan sonra yeni yaranan ölkələrə maliyyə yardımı üçün qəbul edilən “Azadlığa Dəstək Aktı”nda Azərbaycana yardımın nəzərdə tutulmaması ermənipərəst senatorların təşəbbüsü ilə baş verib. Həmin layihəni dəstəkləyənlər arasında sabiq prezident Co Bayden də vardı. Təəssüf ki, Baydenin prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri bəzi hallarda dalana dirənirdi.
Yeni səhifə: Etimad və dərinləşən əməkdaşlıq
Bu gün isə iki ölkə arasında münasibətlər qarşılıqlı etimada və bərabərhüquqlu əməkdaşlığa söykənir. Xüsusilə 2025-ci ilin avqust ayında Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında Prezident Trampın iştirakı ilə sülh sazişinin paraflanmasından sonra etimad daha da güclənib. Hazırda ABŞ-la Azərbaycan arasında açıq qalan heç bir sual yoxdur.
Əməkdaşlığın dərinləşməsinin göstəricisi kimi, son aylarda bir sıra Ağ Ev rəsmiləri Bakıda olub, Prezident İlham Əliyev ilə Vitse-prezident Cey Di Vens arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat imzalanıb. Bundan əlavə, Donald Tramp tərəfindən İlham Əliyevin Mayamidə keçiriləcək G20 Sammitinə dəvət olunması ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin açıldığını və bu əməkdaşlığın hər iki xalqın milli maraqlarına xidmət etdiyini sübut edir.
Müəllif: Surxay Atakişiyev, siyasi şərhçi