Respublikaçıların, xüsusilə də Prezident Donald Trampın Azərbaycanla isti münasibətlərini hər kəs bilir.
Məhz bunun nəticəsidir ki, son 2 ildə ABŞ-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Bu proseslərin inkişafında diqqət çəkən məqam odur ki, ABŞ rəsmiləri Azərbaycan rəsmilərinin çıxışlarına nəinki həssaslıqla yanaşır, həm də bir çox halda onu təqdir edirlər.
Məsələn, ötən gün ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Newsmax”a müsahibəsindən paylaşım edib.
Miraz.TV xəbər verir ki, post “Hacıyev “Newsmax”a: Tramp sülh yaradandır, İranla razılaşma mümkündür” başlığı ilə paylaşılıb.
Hikmət Hacıyevin “Newsmax” müsahibəsinin detalları
Xatırladaq ki, Hikmət Hacıyev sözügedən nəşrə müsahibəsində ABŞ Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan arasında sülh prosesindəki rolundan, Vaşinqton-Bakı münasibətlərinin yeni mərhələsindən bəhs edib.
O, həmçinin İranla bağlı diplomatik həll imkanlarına, Azərbaycan-İsrail əlaqələrinə, Rusiya-Ukrayna müharibəsinə və rəsmi Bakının bu məsələlərdə mümkün roluna toxunub. Hacıyev Azərbaycanın enerji imkanları və ABŞ ilə strateji tərəfdaşlığının perspektivləri barədə də fikirlərini bölüşüb.
