Birinci xanımlar hər zaman diqqət mərkəzində olurlar. Onların nə dediyi, nə geydiyi və kimlərlə ünsiyyətdə olduğu hər kəs üçün maraqlıdır.
Bu mənada ABŞ-ın birinci xanımı Melaniya Tramp xüsusi ilə diqqət mərkəzindədir.
Təsadüfi deyil ki, bu marağı nəzərə alan Fox TV Melaniya Trampı “Fox & Friends” verilişinə qonaq edib. Müsahibə zamanı maraqlı anlar yaşanıb.
Melaniya Trampdan həyat yoldaşının çıxışına qiymət
Belə ki, birinci xanımdan soruşulub ki, görəsən, prezident Nyu-Yorkda BMT Baş Assambleyasında etdiyi çıxışla bağlı onun fikrini soruşubmu?
Melaniya həyat yoldaşının çıxışını yüksək qiymətləndirib.
"Mən ona dedim ki, çıxışı əla təqdim edib. Həmçinin nitqi də möhtəşəm idi", – deyə o bildirib.
Eyni zamanda, birinci xanım etiraf edib ki, həyat yoldaşı eşitmək istəməsə belə, ona həmişə həqiqəti deyir.
"Bəzən o, dediklərimi eşitmək istəmir, amma bu, problem deyil. Mən həmişə həqiqəti deyirəm", – deyə Melaniya qeyd edib.
Donald Trampın iş rejimi necədir?
Müsahibədə o, həmçinin Donald Trampın ikinci prezidentlik dövrünü necə keçirdiyindən və bunu onun Ağ Evdəki ilk dövrü ilə müqayisəsindən də danışıb. Melaniyanın sözlərinə görə, prezident demək olar ki, fasiləsiz işləyir.
"O, dayanmadan işləyir. Ondakı enerji heç kimdə yoxdur. Səhərdən axşama qədər, heç dayanmadan çalışır", – deyə o əlavə edib.
Donald Tramp daha əvvəl Melaniyanın ona rəy və fikirlərini bildirdiyini qeyd edib. Maraqlıdır ki, bu ilin əvvəlində o, həyat yoldaşının səhnədə, tamaşaçılar qarşısında rəqs etməsindən elə də məmnun qalmadığını bölüşmüşdü.