Vaşinqtonun Loqan dairəsi məhəlləsində baş verən atışmada bir nəfər hadisə yerində ölüb, dörd nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti kritikdir. Hadisə Ağ Evdən təxminən bir mil məsafədə baş verib.
Metropolitan Polis Departamenti səhər saat 8:00-dan bir qədər əvvəl əməkdaşlarını 15-ci küçə ilə P küçəsinin şimal-qərb kəsişməsinə göndərib. Onlar 1500 nömrəli binaların yerləşdiyi kvartala 30 saniyə ərzində çatıblar. Ətraf ərazinin təhlükəsizliyini təmin etmək üçün xüsusi bölmələr, Milli Qvardiya əməkdaşları və Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələr Bürosunun agentləri cəlb olunub.
Müstəntiqlər silahlı şəxsin mənzilin yerləşdiyi binanın içindən hadisə yerinə gələn polislərə atəş açdığını təsdiqləyiblər. Polisin məlumatına görə, hadisə zamanı binanın içində yanğın da baş verib və söndürülüb.
Vaşinqton meri Muriel Bauzer Ağ Evə hadisə barədə məlumat verildiyini təsdiqləyib. Hüquq-mühafizə orqanlarının rəsmiləri bildiriblər ki, atəş açan şəxslə binanın mənzil mülkiyyətçiləri birliyi arasında davam edən münaqişə olub.