ABŞ Ordusunda Xidmət Edən İlk Azərbaycanlı Qadın: Kəmalə Atakişiyeva

Surkhay Atakishiyev
Müəllif Surxay Atakişiyev
4 dəqiqəlik oxuma

Daha bir soydaşımız ABŞ ordusunda xidmətə başlayıb. Kəmalə Surxay qızı Atakişiyeva Amerika Silahlı Qüvvələrində xidmət edən ilk azərbaycanlı qadınlardan biri kimi diqqət çəkir.

Miraz.TV Kəmalə xanımla həmsöhbət olaraq onun Sumqayıtdan ABŞ hərbi aviasiyasına uzanan uğur hekayəsini təqdim edir.

Sumqayıtdan Pekinə: Mühəndislik və Magistr Təhsili

Kəmalə xanım, əvvəla Sizi böyük uğur münasibətilə təbrik edirik. Necə oldu ki, ABŞ ordusuna gedib çıxdınız?

Təbrik və diqqətiniz üçün çox sağ olun. Amerika ordusuna gəlib çıxmaq üçün kifayət qədər uzun və zəhmətli bir yol keçmişəm.

Yolun başlanğıcına qayıdaq. Harada doğulmusunuz və təhsilinizi harada almısınız?

Sumqayıtda doğulmuşam. Orta təhsilimi də bu şəhərdə, bakalavr təhsilimi isə Azərbaycan Texniki Universitetində almışam. İxtisasca kompyuter mühəndisiyəm. Təhsilimi başa vurduqdan sonra qısa müddət “SİNAM” şirkətində, daha sonra isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində çalışdım. Hər zaman xaricdə magistratura təhsili almaq arzusunda idim və 2017-ci ildə bu fürsəti qazandım. Çinə yollanaraq Tsinghua Universitetində Dövlət İdarəçiliyi üzrə magistr dərəcəsi aldım.

Tsinghua Universiteti dünyanın ən qabaqcıl ali təhsil müəssisələrindən biridir…

Tamamilə haqlısınız. Tsinghua Universiteti reytinqlərə görə Asiyada 1-ci, dünyada isə 17-ci yerdədir (QS, 2026). Çin Xalq Respublikasının Sədri Si Cinpin də bu universitetin məzunudur. Təhsil aldığım dövrdə İKT mütəxəssisi kimi bir çox layihələrdə, o cümlədən Azərbaycan şirkətlərinin Çin bazarında təşviqi işində iştirak etdim. Bu təcrübə məndə sahibkarlığa maraq oyatdı və iki tələbə yoldaşımla Çində şirkət qurduq. Lakin pandemiya dövründə bir çox kiçik sahibkarlar kimi biz də müflis olduq.

Qlobal Texnologiya Şirkətlərindən Hərbi Sahəyə Keçid

Pandemiyadan sonra Azərbaycana qayıtmaq istədinizmi?

Xeyr. Azərbaycandan maraqlı iş təklifləri gəlsə də, xaricdə müasir sənaye imkanlarından yararlanmaq və ölkəmizə yeni müstəvidən töhfə vermək istəyirdim. Pekində olarkən qlobal şirkətlərlə əlaqə qurdum. İlk təklif ABŞ-ın “Special Items” şirkətindən gəldi və orada virtual həllər üzərində işlədim. Daha sonra “Meta” şirkəti ilə əməkdaşlıq etdim; şirkətin Birləşmiş Krallıq, Tayvan və digər ölkələrdəki toplantılarında iştirak etdim.

Bəs necə oldu ki, hərbi sahəyə keçmək qərarına gəldiniz?

Tam təsadüf nəticəsində oldu. Bir gün həyat yoldaşımla Amerikada ən perspektivli karyera sahələrini müzakirə edirdik və ABŞ ordusunda xidmət etməyin gələcək üçün böyük fürsətlər yaratdığı qənaətinə gəldik. Növbəti gün ABŞ Müdafiə Departamentinin Vaşinqtondakı şöbəsinə müraciət etdim. 2-3 aylıq hazırlıqdan sonra qəbul imtahanında 100 baldan 95 bal topladım, eyni zamanda fiziki və tibbi testlərdən uğurla keçdim.

Ağır Hərbi Təlimlər və Aviasiya Xidməti

Bu qəbul prosesi göründüyü qədər asan idimi?

Əsla. Ən çətin mərhələ qəbuldan sonra başladı. Amerika ordusunda, xüsusən ilk 6 ayda xidmət etmək çox ağırdır. İlk vaxtlar fiziki və mənəvi gərginlikdən çətin anlar yaşadım. Mən Hərbi Hava Qüvvələrinin helikopterlər bölməsində xidmətə başladım. Vəzifəm helikopterlərin elektronika sistemlərinə nəzarət etmək olsa da, hər kəs kimi ağır ümumi hərbi hazırlıq keçdim. 42 nəfərlə başladığımız təlimləri cəmi 29 nəfər başa vura bildi, digərləri çətinliklərə dözməyərək ayrıldı.

Milli Kimlik və Gələcək Siyasi Hədəflər

Soyadınız ingilisdilli mühit üçün uzundur. Dəyişmək təklifi aldınızmı?

Bəli, “Atakişiyeva” soyadını tələffüz etmək amerikalı komandirlər üçün çətindir. Sıraya düzüləndə soyadımı hecalayaraq çağırırdılar. Mənə soyadımı rəsmi olaraq “Kamala Atak” kimi qısaltmağı təklif etdilər, lakin razılaşmadım. Dedim ki, qoy hər kəs soyadımı eşidəndə azərbaycanlı olduğumu bilsin. Bu mənə xüsusi qürur verir.

Növbəti hədəfləriniz nədən ibarətdir?

Hazırda orduda xidmətimi davam etdirirəm. Lakin 40 yaşımdan sonra siyasətə qoşulmaq niyyətindəyəm. ABŞ-da hərbi təcrübəsi olan şəxslərin siyasətdə böyük uğurlar qazandığı məlumdur; Con Kennedi də daxil olmaqla bir çox lider hərbi keçmişə malik olub. Mən də bu istiqamətdə irəliləmək istəyirəm.

Azərbaycan üçün darıxırsınızmı?

Əlbəttə, çox darıxıram. Hər gün vətəndəki dostlarımla əlaqə saxlayıram. Valideynlərim bəzən yanıma gəlir. Qardaşım Sübhan da Kanadanın Monreal şəhərində yaşayır, süni intellekt mütəxəssisidir və onunla tez-tez görüşürük. Xidmət və iş qrafiki çox sıx olsa da, ailəmi ziyarət etmək üçün Yeni ildə Azərbaycana gəlməyi planlaşdırıram.

Bu Məqaləni Paylaşın
Surxay Atakişiyev uzun illərdir Azərbaycan mətbuatında fəaliyyət göstərən təcrübəli jurnalist və media mütəxəssisidir. O, 30 ilə yaxın AzTV-də çalışıb. Hazırda Azərbaycanın populyar xəbər saytlarında müxtəlif mövzularda analitik yazılarla çıxış edir.