San Fransisko şəhərində “Akademiya və İnnovasiya Mentorluq Layihələri” təşəbbüsünün təqdimatı keçirilib
20 sentyabr 2025-ci il tarixində San Fransisko şəhərində “Akademiya və İnnovasiya Mentorluğu Layihələri” (AIM Projects) təşəbbüsünün təqdimatı keçirilib.

“Akademiya və İnnovasiya Mentorluğu Layihələri” təşəbbüsünün fəaliyyətə başlaması və haqqında danışılan təşəbbüsün veb səhifəsinin təqdim edilməsi məqsədilə San Fransisko şəhərində yerləşən “Mind the Bridge” İnnovasiya Mərkəzində görüş keçirilib.
Görüşdə Kaliforniya ştatında, xüsusilə Silisium Vadisində müxtəlif elm ocaqlarında çalışan Azərbaycanlı alimlər, araşdırmaçılar, doktorantura tələbələri, yüksək texnologiya şirkətlərində çalışan peşəkarlar, Stanford və Berkli universitetlərində təhsil alan tələbələr iştirak ediblər.

AIM Projects təşəbbüsünün məqsədi ABŞ-də elm və innovasiya sahələrində çalışan soydaşlarımızla ölkəmizdə fəaliyyət göstərən müvafiq tərəfdaşlar, alimlər, mütəxəssislər və digər maraqlı şəxslərin əlaqələndirilməsi və mentorluq proqramları təklif edən platformanın əlçatan edilməsidir.
Tədbirdə təşəbbüsün rəhbəri, Niaqara Universitetinin professoru Dr. Ayxan Yusifov çıxış edərək təşəbbüsün konsepsiyası və məqsədləri barədə tədbir iştirakçılarını məlumatlandırdı və görüləcək işlər barədə danışdı.

Ardınca təşəbbüsün icraçı katibi Şəhla Şirinli veb saytı təqdim etdi və təklif olunan mentorluq proqramları, indiyədək könüllü olaraq mentor kimi qeydiyyatdan keçmiş 20-yə yaxın şəxs və yaxın 2 ay müddətində təşkil ediləcək seminarlar barədə məlumat verdi.

Daha sonra təşəbbüsün həyata keçirilməsinə və görüşün təşkilinə dəstək verdikləri üçün Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təşəkkür edildi.
Baş konsul Vüqar Qurbanov çıxış edərək qonaqları salamladı, təşəbbüskarlara uğurlar arzu etdi və qonaqları 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik etdi.

Görüşdə iştirak edən Milli Məclisin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qaya Məmmədov təşəbbüsün başlanması münasibətilə təbriklərini çatdırdı, tədbirin əhəmiyyətini qeyd etdi, öz tövsiyyələrini bölüşdü və həmvətənlərimizə uğurlar arzu etdi.
60-dək iştirakçının qatıldığı tədbirdən əvvəl milli yeməklər və şirniyyatlar qonaqlara təqdim edildi.
Qeyd etmək yerinə düşər ki, AIM Projects təşəbbüsü 26-27 iyun 2025-ci il tarixlərində Berkli Universitetində keçirilmiş “Akademiya və İnnovasiya Forumu”n məntiqi davamı olaraq təsis edilmişdir.