Berkli Universitetində “Akademiya və İnnovasiya Forumu” keçirildi…

MiraTV
By MiraTV
2 Min Read

Azərbaycanlı Alimlər Şəbəkəsinin təşkilatçılığı, Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti və Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyətinin dəstəyi, Berkli Universiteti Azərbaycanlı Tələbələr Birliyinin ev sahibliyi ilə keçirilən 2 günlük tədbirdə ABŞ-nin müxtəlif akademik ocaqlarında çalışan Azərbaycanlı alimlər, araşdırmaçılar, doktorantura tələbələri və yüksək texnologiya şirkətlərində çalışan peşəkarlar, amerikalı alimlər və startap nümayəndələri, habelə Azərbaycanda təhsil və innovasiya sahəsində çalışanlar iştirak ediblər.

Forumun məqsədi təhsil və innovasiya müstəvisində çağırış və imkanların müzakirəsi, Azərbaycan və ABŞ-dakı akademik dairələr və innovasiya mütəxəssisləri arasında əlaqələrin gücləndirilməsi və Azərbaycan əsilli alim və peşəkarlar arasında şəbəkələşmənin genişləndirilməsi idi.

Tədbirdə Azərbaycan Alimlər Şəbəkəsinin rəhbəri, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı fakültəsinin dekan müavini Dr. Sevinc Məmmədova açılış nitqi ilə çıxış edərək innovasiyanın mərkəzi sayılan Kaliforniada akademik tədqiqat və innovasiya iştirakçıları produktiv müzakirələrə dəvət etdi.

Daha sonra Silikon Vadisində tanınmış elm adamları çıxış etdilər.

Forumun 1-ci günündə müxtəlif panellər və sessiyalar çərçivəsində akademiyanın dəyişən dünyadakı rolu, təhsildə texnologiyaların tətbiqi, innovasiya ekosistemləri, Azərbaycanda tədqiqat potensialının artırılması, 2-ci günündə isə ictimai faydaya yönəlik elmi yanaşmalar müzakirə olundu.

Həmin gün həm də indiyədək fərdi şəkildə təhsil, texnologiya və digər sahələrdə Azərbaycanlı tələbələr və mütəxəssislərlə müxtəlif yollarla töhfə vermiş şəxslərin təqdimatları nümayiş olunub.

Tədbirin sonunda Azərbaycanlı alim və mütəxəssislər tərəfindən icmanın inkişafına töhfələr, real təcrübələr və gələcək əməkdaşlıq imkanları təqdim edildi. Bundan sonra belə təşəbbüslərə qoşulmaq istəyənlət üçün yeni platformanın təqdimatı oldu.

Forumla yanaşı 26 iyun tarixində qonaqlar üçün Berkli Universitetinin Klubunda qala ziyafət təşkil olundu. Ziyafətdə ləziz təamlarla yanaşı Azərbaycanlı musiqiçilərin ifasında milli musiqi nömrələri təqdim olundu.

100-dək iştirakçının qoşulduğu tədbirin təşkilatçıları forumun tərəfdaşlarına təşəkkür bildirdilər.

Qeyd etmək yerinə düşər ki, dünyaca məşhur azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə 1959–1991-ci illərdə Kaliforniya Berkli Universitetinin (UC Berkeley) Elektrik Mühəndisliyi və Kompüter Elmləri fakültəsində professor kimi fəaliyyət göstərib.

O, 1973-cü ildə təqdim etdiyi qeyri-səlis məntiq (fuzzy logic) konsepsiyası ilə elm aləmində inqilabi yeniliyə imza atıb. Bu nəzəriyyə isə süni intellekt, avtomatlaşdırma, idarəetmə sistemləri və informasiya texnologiyaları sahələrində geniş tətbiq olunmağa başlayıb

Gunel Feyzullayeva
Tofiq Ağayev

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *